|
BMT-də tərcüməçi olmaq nə deməkdir?
Nyu Yorkda BMT-nin Baş Məclisi keçirilir. Müxtəlif ölkələrdən olan ən yüksək vəzifəli diplomatlar bir araya gələrək dünyanı narahat edən, təxirəsalınmaz problemləri müzakirə edirlər. Lakin bir kateqoriyaya aid peşəkarların iştirakı olmasaydı, yəqin ki, belə bir toplantını keçirmək mümkün olmazdı.
Bu da tərcüməçilər, daha doğrusu sinxron tərcüməçilərdir. BMT-də 6 rəsmi dil var. Çin, ərəb, rus, ingilis, fransız və ispan.
Tərcüməçilik çox ağır sənətdir. Bir neçə il əvvəl Liviya rəhbəri Müəmmar Qəddafinin şəxsi tərcüməçisi dahi natiqin 90 dəqiqəlik çıxışını tərcümə edərkən özündən getmişdi. Ancelo Makri BMT-də sinxron tərcüməçi işləyir.
O ingilis, fransız və ispan dillərindən tərcümə edir. Baxmayaraq ki, özü italyandır. Bəs sinxron tərcümə edən şəxs bunu maksimum neçə dəqiqə edə bilər?
Cavab: Biz yarım saat tərcümə edə bilirik. Bundan sonra insan diqqətini tam cəmləşdirməyə qadir deyil. Bundan artıq sinxron tərcümə etmək düzgün deyil. Beyinin funksionallığı zəifləyir və tərcümənin keyfiyyəti aşağı düşür. Bu zaman tərcüməçi çox möhkəm yorulur.
Sual: Bəs iclaslar 30 dəqiqədən çox davam edəndə nə edirsiniz?
Cavab: Biz komanda şəklində işləyirik. 2-3 adamdan ibarət tərcüməçi komandası şəklində. Bu çox yorucu bir işdir. Beyin tam gərgin işləyir və bu özünü bədənin bütün hissələrində büruzə verir. Kabinədən çıxandan sonra çox əzgin olursan.
Sual: Bəs elə olurmu ki, kiminsə niqtindəki nöqsanlara fikir verirsiz, "boş-boş" danışır deyə fikirləşirsiz, yoxsa sadəcə bütün diqqətinizi tərcüməyə ayırırsınız?
Cavab: Xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq, biz deyilən söz və cümlələrə diqqət veririk. Deyilənlərlə razı olub-olmamağımızın fərqi yoxdur. Təbii ki, sözlərə fikir veririik. Çünki bilməliyik söhbət nədən gedir, mövzu nədir. Əgər mövzudan xəbərin yoxdursa, onda çətin ki deyilənlərin mənasını düzgün tərcümə edib çatdıra biləsən.
Sual: Bəs tərcümədə emosiyaları da tərcümə etmək lazımdırmı? Kimsə çıxış edərkən, coşub-daşırsa, ehtirasla danışırsa, tərcüməçi də öz tonunu dəyilməlidir?
Cavab: Tərcüməçi də emosional danışmalıdır. Danışanın sözlərinə və hisslərinə də sadiq qalmalı, onları dili bilməyənlərə dəqiq tərcümə edib çatdırmalıdır. Aktyorluq eləməyə başlayırsan. Hesab edirəm ki tərcüməçilər də yarımaktyordurlar. Natiq hansı emosiyaya malikdirsə o da çatdırılmalıdır. Çünki dinləyənlər başa düşməlidirlər ki, bu sözlər quruca deyilmir, onların arxasında qəzəb, narazılıq və ya istehza durur. Nə az nə çox. Danışanla eyni səviyyədə.
Sual: Bəzi natiqlər çıxış edərkən bədənlərinin duruşundan, əllərindən, jestlərdən istifadə edirlər. Bunları tərcüməçi necə çatdırmalıdır?
Cavab: Adətən biz oturub tərcümə edirik, bədənimizin hərəkətlərindən tam istifadə etmək olmur. BMT-də çıxış edənlər də əksər halda oturub bunu edirlər. Hansısa hərəkəti də biz öz səsimizin tonuyla çatdırmağa çalışırıq.
Sual: Amma yəqin elə vəziyyətlərdə olur ki, tərcümə xüsusilə çətinləşir. Çünki BMT-də mövzuların çoxu olduqca texniki səciyyə daşıyır.Buna görə siz yəqin ki, müxtəlif mövzularda ekspert biliklərə malik olmalısınız.
Cavab: Bəli, biz buna hazır olmalıyıq. Əgər əvvəldən biliriksə hansısa texniki mövzu müzakirə olunacaq, kitablar, məqalələr oxuyuruq. Terminləri axtarıb -tapırıq, əzbərləyirik.
Sual: Çünki mövzular çox genişdir, deyək ki, sentrifuqa sözünün müxtəlif dillərdə tərcüməsini bilməlisiz, nüvə terminologiyası, səhiyyə, sülhməramlı qüvvələrə aid terminologiya. Siz yaxşı tərcümçi olmaq üçün gərək daima nəyisə öyrənəsiz, elə deyilmi?
Cavab: Tamamilə doğrudur. Amma biz gərək dünyada baş verənlərdən xəbərdar olaq. Siyasi hadisələri izləyək. Qəzetləri oxuyaq.
Sual: Bəs elə hal olubmu ki, nəyisə bilmədiyinizə görə panikaya düşəsiz?
Cavab: Yadıma gəlmir ki panikaya düşəm. Amma elə hallar olub ki çox narahat və əsəbi olmuşam. Bəzən çox vacib adamların nitqlərini tərcümə etməli olmuşam. Hamı sənə qulaq asır, rəsmilər də, mətbuat da. Bu zaman adamın sinirləri tarıma çəkilir. Lakin şükürlər, indiyə kimi tərcüməçi iflicini yaşamamışam.
www.bbcazeri.com
|